>

12.09.2017

Vətəndaşların ilkin hərbi qeydiyyata alınması


Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması

6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli      vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.
6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər.
   6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
    6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
6.4.1. doğum haqqında şəhadətnamənin surəti;
6.4.2. ailə tərkibi haqqında arayış;
6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
6.4.5. tərcümeyi-hal;
6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
   6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.






Hiç yorum yok: