Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması
6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 15
yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və
ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar.
6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında
ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən
etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət
müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün
psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan
Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq
qaydada müalicəyə göndərilməlidirlər.
6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış
hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və
nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan sonra - təşkilatlar),
müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il sentyabr
ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı
olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.
6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi
qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün müvafiq icra
hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə müvafiq
icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
6.4.1. doğum haqqında şəhadətnamənin surəti;
6.4.2. ailə tərkibi haqqında arayış;
6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini
bitirənlər üçün);
6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən
arayış;
6.4.5. tərcümeyi-hal;
6.4.6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara
ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və
vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi
qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.
Hiç yorum yok:
Yorum Gönder